FİLOLOGİYA VƏ PEDAQOGİKA:
ELMİ ARAŞDIRMALAR

Beynəlxalq Elmi Jurnal

Nəşr Etİkası

“Filologiya və Pedaqogika: Elmi Araşdırmalar” jurnalının nəşrində iştirak edən müəllif, jurnal redaktoru, rəyçi və naşir üçün nəzərdə tutulan etik davranış standartlarına əməl etmələri tələb olunur. Nəşr etika qaydaları jurnalın müəllif, rəyçi və redaktor arasında münasibətlərini tənzimləyən peşəkar davranış normaları sistemidir. Bu normalar Nəşr Etikası Komitəsinin tövsiyələri və beynəlxalq nəşr standartları əsasında təşkil edilmişdir.

“Filologiya və Pedaqogika: Elmi Araşdırmalar” Jurnalı elmi-təddqiqat nəticələrinin dərc edilməsi və yayılması ilə bağlı etik normalara riayət etməklə bağlı məsuliyyət daşıyır və “Nəşriyyat Etikası Komitəsi”nin (COPE) (https://publicationethics.org/getting-started) tələblərinə əsasən müəyyən edilmiş bütün nəşriyyat qaydalarına riayət edilməsini qəbul edir. Etik bəyanatlarımız “Nəşriyyat Etikası Komitəsi”nin (COPE) jurnal redaktorları üçün ən yaxşı təcrübə təlimatlarına əsaslanır. Müəlliflər, “Nəşriyyat Etikası Komitəsi”nin (COPE) tələblərinə əsasən müəyyən edilmiş bütün nəşriyyat qaydalarına riayət etməlidirlər.Bu məsələ ilə bağlı hər hansı qeyri-etik davranış halları ilə rastlaşsanız, redaksiya heyətinə philologyandpedagogy@mail.ru ünvanı vasitəsilə məlumat verməyinizi xahiş edirik.

Açıqlama və maraqların toqquşması

Müəllif, rəyçi və jurnal redaktorundan bütün potensial maraq toqquşmalarını bəyan etmələri tələb olunur. Bu məlumatlar qiymətləndirmə prosesində şəffaflığı təmin edir.

Müəllİflər üçün Etİk qaydalar

Hər kəs bilir ki, məqalə müəllifləri öncül sıradadırlar. Eyni zamanda müəllif də bilməlidir ki, aşağıda göstərilən prinsiplərə əməl etməli , elmi- tədqiqat nəticələrinin orijinallığı və etibarlılığına görə məsuliyyət daşıyır:

  • Müəllif apardığı elmi-tədqiqatın etibarlı nəticələrini təqdim etməlidir. Nəticələr elmi yeniliyə malik olmalıdır. Saxta məlumatlar qeyri-etik davranış olaraq qəbul edilir.
  • Müəllif tamamilə original məqalə yazdığından əmin olmalıdır. Əgər ki, başqa müəlliflərin əsərlərindən istifadə edibsə, onlara düzgün istinad etməlidir. Plaqiat bir çox formada ola bilər: başqasının məqaləsini özününkü kimi təqdim etməkdən tutmuş, məqalədə olan əhəmiyyətli hissələri (atribut olmadan) kopyalamaq və ya başqa müəlliflər tərəfindən aparılan tədqiqatların nəticələrini mənimsəməyə qədər mövcud olan bütün formalar qeyri-etik nəşr davranışı sayılır və qəbuledilməzdir.
  • Eyni məqaləni eyni anda birdən çox jurnala təqdim etmək qeyri-etik nəşr davranışıdır.
  • Tədqiqat işinə əhəmiyyətli töhfə verməyənlər həmmüəllif kimi göstərilməməlidir.
  • Nəşr üçün bütün müəlliflərin razılığı tələb olunur.
  • Müəllif artıq başqa bir jurnala təqdim etdiyi , rəy prosesindən keçirilən və ya artıq dərc olunmuş məqaləni yenidən təqdim etməməlidirlər.
  • Müəllif öz nəşr olunmuş əsərində və ya həmmüəllifləri tərəfindən rəydən keçirilən elmi-məqalələrində hər hansı bir önəmli elmi səhv və ya qeyri-dəqiqlik aşkar edərsə, dərhal jurnal redaktoruna və ya naşirə məlumat verməli, məqaləni geri götürmək və ya müəyyən düzəlişlər etmək üçün redaktorla razılığa gəlməlidirlər.

Redaktor və Naşİrlər üçün Etİk qaydalar

Redaktor elmi materialları nəşrə hazırlayır və buna görə məsuliyyət daşıyır:

  • Akademik jurnalın redaktoru nəşrə aid qərarları qəbul edərkən elmi keyfiyyət, obyektivlik, peşəkarlıq və qərəzsizlik prinsiplərinə uyğun hərəkət edir.
  • Redaktorun müəlliflərlə qarşılıqlı əlaqəsi ədalət, nəzakət, obyektivlik, dürüstlük və şəffaflıq prinsiplərinə əsaslanmalıdır.
  • Dərc olunmamış materiallar, təqdim olunmuş məqalədə açıqlanmadığı təqdirdə, müəllifin açıq və ya yazılı icazəsi olmadan redaktorun öz tədqiqatında istifadə edilməməli və ya digər müvafiq tərəflərlə paylaşılmamalıdır. Redaktə zamanı əldə edilən və ya müəllifə aid önəmli məlumatlar, məxfi saxlanılmalı və şəxsi mənfəət üçün istifadə edilməməlidir.
  • Müəlliflərin cinsi, irqi, dini, vətəndaşlığı və siyasi baxışları məqalə qiymətləndirməsinə təsir etməməlidir.
  • Jurnal redaktorları müəlliflərə açıq şərt kimi istinad etməyə məcbur edən heç bir təcrübə ilə məşğul olmamalıdırlar.

Rəyçİlər üçün Etİk qaydalar

Rəyçi, ekspert olaraq, müəlliflərin məqalələrinin araşdırılmasını həyata keçirir və bu məqalələri akademik jurnalda dərcolunma ehtimalını müəyyən edir. Rəyçilər tərəfindən məqalənin nəzərdən keçirilməsi qərəzsiz olmalı və aşağıdakı prinsiplərə uyğun aparılmalıdır:

  • Rəy üçün qəbul edilmiş hər hansı əlyazma məxfi sənədlər kimi qəbul edilməlidir. Redaksiya heyətinin icazəsi olmadan onlar başqalarına göstərilməməli və ya müzakirə edilməməlidir.
  • Rəy obyektiv şəkildə aparılmalıdır. Müəllifə qarşı hər hansı bir şəxsi tənqid yersiz sayılır. Rəyçilər fikirlərini aydın və əsaslandırıcı arqumentlərlə ifadə etməlidirlər.
  • Rəyçilər tərəfindən rəy edilən zaman əldə edilən imtiyazlı məlumatlar və ya ideyalar məxfi saxlanılmalı, şəxsi mənfəət üçün istifadə edilməməlidir. Təqdim edilmiş əlyazmada açıqlanan, dərc olunmamış materialların müəllifin razılığı olmadan rəyçinin öz tədqiqatında istifadə etməsi qəbuledilməzdir. Bu cür materiallar da məxfi saxlanılmalı və şəxsi mənfəət üçün istifadə edilməməlidir.
  • Əgər rəyçinin kifayət qədər təcrübəsi yoxdursa , rəy etdiyi əlyazma ilə əlaqəli müəllif və ya qurumlardan hər hansı biri ilə rəqabəti, əməkdaşlıq və ya digər əlaqələrdən qaynaqlanan maraq toqquşması varsa, onlar bu məlumatı redaktora bildirməli və onu həmin məqaləni rəy etmək prosesindən kənarlaşdırmağı xahiş etməlidir.

Etİk problemlər və məqalə dəyİşİklİklərİ

“Filologiya və Pedaqogika: Elmi Araşdırmalar” Jurnalı etik problemlərin həllinə və dərc olunmuş məqalələrin geri qaytarılması, dəyişdirilməsi və ya çap edilmiş mündəricatdan silinməsi ilə bağlı uyğun tələblərə görə şəffaf şəkildə davranmağa sadiq olmalıdır. Aşağıda bu cür məsələlərin həlli ilə bağlı aparılan prosesin ətraflı izahı verilmişdir:

Dərc olunmuş məqalələrin geri götürülməsi

Müəllif(lər) məqalədə əhəmiyyətli səhvlər və ya qeyri-dəqiqliklər aşkar edərsə, redaktora rəsmi məlumat verməklə, dərc olunmuş məqaləni geri götürə bilər.

Dərc olunmuş məqalələrin dəyişdirilməsi

Vacib əlavə və ya düzəlişlər tələb olunarsa, müəlliflər dərc olunmuş məqalənin yenilənmiş versiyası ilə əvəz edilməsini tələb edə bilərlər. Məqalələr yalnız bir dəfə və yalnız texniki təkmilləşdirmələr üçün dəyişdirilə bilər..

Dərc olunmuş məqalələrin silinməsi

Plaqiat və ya saxta məlumatlar kimi əhəmiyyətli etik pozuntular aşkar edildikdə, dərc olunmuş məqalə jurnal mündəricatından silinəcəkdir. Jurnalın saytında aşağıdakı şəkildə onlayn bildiriş yerləşdiriləcəkdir.

Onlayn Bildiriş: Jurnalın veb saytında məqalənin başlığının altında aşağıdakı ifadə və ya oxşar bildiriş görünəcək:

Bu məqalə plaqiat aşkarlanmasına görə silinmişdir Bundan sonra məqalə müəllif(ləri) qara siyahıya salınacaq və üç il müddətinə “Filologiya və Pedaqogika: Elmi Araşdırmalar” Jurnalına məqalə təqdim etməkdən məhrum ediləcəklər.

İkili Nəşr

İkili nəşr (eyni və ya çox oxşar məqalənin birdən çox jurnallarda dərc edilməsi) təsdiqlənərsə, məqalə müəllif(ləri) qara siyahıya salınacaq və üç il müddətinə “Filologiya və Pedaqogika: Elmi Araşdırmalar” Jurnalına məqalə təqdim etməkdən məhrum ediləcəklər.

Orijinallıq və plaqiat

Redaksiya, müəlliflərdən gələn məqalələrin yalnız orijinalını qəbul edərək jurnalda çap edir. Məqalədə plaqiat aşkarlandıqda redaksiya heyəti tərəfindən qəbul edilmir. Hər bir halda plaqiat qeyri-etik davranış hesab edilir və istifadəsi qəbuledilməzdir.Bu kimi hal aşkar edildikdə, məqalə müəllif(ləri) qara siyahıya salınacaq və beş il müddətinə “Filologiya və Pedaqogika: Elmi Araşdırmalar” Jurnalına məqalə təqdim etməkdən məhrum ediləcəklər.

Şikayət Sİyasətİ

“Filologiya və Pedaqogika: Elmi Araşdırmalar” Jurnalı redaksiyasına daxil olan hər hansı bir şikayət, təqdimat və ya icmal dərc prosesi zamanı baş verən uğursuzluqlarla əlaqədar müəyyən edilir.

Şikayətlər philologyandpedagogy@mail.ru ünvanına göndərilməlidir. 3 iş günü ərzində qəbul edilir və 4 həftə ərzində tam cavab verilir. Əgər ki, həll prosesi daha uzun çəkərsə, bununla əlaqədar yeni məlumatlar şikayətçiyə paylaşılacaqdır.Məmnun qalınmadığı təqdirdə, şikayətçi məsələni Baş Redaktora çatdıra bilər və onun qərarı son qərar olacaqdır.

Məxfilik bəyannaməsi

Redaktor və ya redaksiya heyətinin üzvləri təqdim edilmiş əlyazma haqqında istənilən məlumatı yalnız müvafiq müəlliflər, rəyçilər, digər redaktor məsləhətçiləri ilə paylaşmalıdır; heç bir halda bu məlumatlar başqa şəxslərə açıqlanmamalıdır. Redaksiyaya daxil olan əlyazmalar məxfi sənədlər kimi qəbul edilməlidir.

Veb-sayta daxil edilən adlar və e-poçt ünvanları yalnız jurnalın qeyd olunan məqsədləri üçün istifadə ediləcək və heç bir halda digər məqsədlər üçün üçüncü tərəfə təqdim edilməməlidir.

Bu prinsiplərə riayət etməklə müəlliflər, redaktorlar və rəyçilər “Filologiya və Pedaqogika: Elmi Araşdırmalar” Jurnalında dərc olunan elmi- tədqiqatın bütövlüyünə, keyfiyyətinə, ciddi akademik tədqiqatların inkişafına və şəffaflığına töhfə verilməsinə xidmət göstərir. Bu məsuliyyətlərin yerinə yetirilməməsi təqdim edilən əlyazmanın rədd edilməsinə və ya jurnalın etik siyasətində göstərildiyi kimi əlavə sanksiyaların həyata keçirilməsinə səbəb ola bilər.